Sümük auqmentasiyası (köçürülməsi)
İrəli dərəcədə sümük itkisi mövcud olan, xüsusilə üst çənə ön bölgə və ya alt çənə arxa bölgələrində dental implantların funksional və estetik olaraq uyğun pozisiyada yerləşdirilməsi əksər hallarda ciddi bir problem olaraq qarşımıza çıxır. Problemin həlli əksər hallarda mövcud olan defektin sümükartırma metodları ilə bərpa edilməsi vasitəsilə həyata keçirilir. Bu məqsədlə fərqli metodlar, müxtəlif materialların tətbiqi ilə icra olunur.
Bərpa texnikasının müəyyən edilməsi, sümüyün hansı bölgədə, hansı miqdarda itirilmiş olmasına bağlı olaraq müəyyənləşdirilir. Bərpa üçün tətbiq edilən sümük materialları pasiyentin öz donor bölgələrindən xüsusi metodlarla qazanılmış sümüklər, o cümlədən digər fərdlərdən alınmış və xüsusi qaydada hazırlanmış materiallar, heyvan mənşəli sümükəvəzləyici materiallar və sintetik materiallar olaraq ayrılır.
Bərpa zamanı yerinə görə bu materiallar ya ayrı-ayrılıqda, ya da kombinə olunmuş şəkildə tətbiq oluna bilir. Gündəlik təcrübədə həmçinin pasiyentdən götürülmüş qan nümunələrindən alınmış yüksək bərpaedici xassəyə malik materiallar (PRF) da uğurla tətbiq olunur. Sümükartırma metodlarının tətbiqi sayəsində, çənədə implantların yerləşdirilməsi üçün yetərsiz sümük həcmi olan bölgələrdə sümük miqdarı yetərli duruma gətirilir, uyğun boy və diametrə uyğun implantlar uğurla tətbiq olunur.