Pasiyentləri maraqlandıran məqamlar

Ən çox verilən suallar

Dental implant nədir?

Dental implant itirilmiş dişlərin əvəz edilməsi məqsədilə çənəyə yerləşdirilən, xüsusilə vint şəklində (başqa növləri də mövcuddur) dizayn edilən süni diş köküdür. Dental implantlar, titan, keramik, zirkon kimi, insan orqanizmində allergik reaksiyaların yaranmasına səbəb olmayan və orqanizm üçün heç bir toksiki təsiri olmayan materiallardan hazırlanır. Toxumalarla bioloji uygunluluq xüsusiyyətinə görə, tətbiq edildiyi kliniki hallarda müvəffəqiyyət ehtimalı olduqca yüksəkdir.

Ağıl dişləri nə zaman çıxır?

Üçüncü bözük azı dişləri və ya digər adı ilə agıl dişləri daimi dişlər arasında ən gec çıxan dişlərdir. Əsasən 18-20 yaş arasındakı fərdlərdə çıxdıgına görə 20 yaş dişləri kimi də adlandırılır. Ancaq buna baxmayaraq bəzi hallarda 16 yaşında çıxa bildiyi kimi yüksək yaş qrupundakı xüsusilə lövhəli çıxan protez istifadə edən şəxslərdə də çıxa bilər. Genetik faktorlara baglı erkən çıxma halları ilə yanaşı, yerli faktorlara baglı gec çıxma və ya çıxmama halları da müşahidə oluna bilir.

Dental implantasizanın üstünlükləri nələrdir?

Dental implantasiya proseduru qonşu dişlərə heç bir müdaxilə olmadan həyata keçirilir. İstər dişsizliyə baglı estetik və funksional çatışmazlıqların ideal şəkildə ortadan qaldırılması, istərsə də icra edilərkən qonşu dişlərə heç bir müdaxilə olunmaması xüsusiyyətlərinə görə dişsizlizin müalicəsində ən çox üstünlük verilən müalicə metodudur. Tətbiq edilməsi qısa bir müddətə həyata keçirilir, dişsizliyin yaratdığı estetik-funksional çatışmazlıq tam aradan qaldırılır. Dental implantlar uzun illər istifadə etmək üçün nəzərdə tutulur.

Ağıl dişlərinin çıxdığını necə anlaya bilərik?

Ağıl dişinin çıxması bəzi şəxslərdə heç bir kliniki əlamət və ya şikayətə səbəb olmasa da, bir çox hallarda müəyyən kliniki əlamətlərlə özünü biruzə verir. Bu əlamətlər əsasən çənənin arxa tərəfində təzyiq, qulaq bölgəsinə irradiasiya edən ağrı, çənəni açıb bağlama əsnasında ağrı və məhdudlaşma kimi özünü göstərə bilir. Dişətrafı bölgədə iltihab olduğu halda bədən hərarətinin yüksəlməsi, limfatik düyünlərin şişməsi və yerli iltihab əlamətləri ilə (qızartı, şişkinlik, ağrı və s.) özünü biruzə verir.

Diş əti çəkilməsi nədir? Diş əti çəkilməsinin bərpası mümkündürmü?

Diş əti çəkilməsi, diş əti kənarının itirilməsi və ya geri çəkilməsilə diş kökü səthinin açığa çıxmasıdır. Diş əti çəkilməsi müxtəlif yaş qruplarından olan şəxslərdə müxtəlif səbəblərə bağlı olaraq əmələ gələ bilər.

Diş əti çəkilməsi əsasən akut bir proses deyildir. Bir çox hallarda tədricən meydana çıxır və zamanla dərinləşir. Daha çox orta yaşlarda aşkar edilmə səbəblərindən biri də məhz budur. Diş əti çəkilməsi günü-gündən az miqdarda inkşaf etdiyindən, pasiyentlər çox zaman diş ətinin bu görünüşünə alışır. Yalnız ciddi ölçülərə çatdığında və şikayətlərin yaranmasına səbəb olduğunda pasiyentlərin nəzərinə çarpır.

Diş əti çəkilmələrinin bərpa edilməsi əsasən plastik-estetik parodontal cərrahiyyə metodları vasitəsilə həyata keçirilir. Bəzi hallarda çatışmazlıq tamamilə ortadan qaldırılsa da, bəzi hallarda yalnız qismən bərpa mümkün olur.

Diş əti çəkilməsinin əlamətləri hansılardır?
  • Dişlərdə həssaslıq: isti, soyuq və ya şəkərli yemək və içki qəbuluna bağlı ortaya çıxan qısa və kəskin ağrı
  • Dişlər olduğundan uzun görünməsi
  • Diş kökü səthi ortaya çıxması
  • Dişin rəngində dəyişməsi (mina və sementin rəngindəki fərqliliyə bağlı olaraq)
  • Dişlər arasındakı məsafənin böyüməsi (əslində məsafə sabit qalır, sadəcə diş əti aralığı doldurmadığından aradakı məsafə daha böyük görünür)
Diş əti çəkilmələrinin yaranma səbəbləri hansılardır?

Diş əti çəkilmələrinin bir sıra yaranma səbəbləri mövcuddur:

  • Periodontit
  •  Aqressiv diş fırçalama: diş əti çəkilmələrinə səbəb olduğu kimi, diş səthində tipik aşınmalarında yaranmasına səbəb olur
  •  Diş təmizləmə sapının yalnış istifadəsi
  •  Ortodontik müalicə əsnasında (xüsusilə incə dişəti tipinə sahib şəxslərdə)
  •  Dişlərin həddindən artıq sıxılması və bruksizm
  •  Dırnaq və ya qələmlə diş ətinə verilən travmalar. Bu növ çəkilmələr daha çox uşaq və yetkin şəxslərdə psixiatrik problemlərə bağlı olur
  •  Skorbut (C vitamini çatışmazlığına bağlıdır)
  •  Dişlərin yerləşmə anomaliyası
  •  Dodaqda yerləşən piercingin səbəb olduğu travma
  •  İatrogen səbəblər (həkim səhvindən yaranan, yalnış həyata keçirilən kompozit restavrasiyalar və qapaq konstruksiyaları, diş ətində dogru aparılmayan kəsiklər və s.)
  •  Gingivit nəticəsində
  •  Diş çöpü və ya iynə kimi vasitələrlə davamlı olaraq diş təmizliyinin aparılması
  •  Tabak istifadəsi
  •  Şəkərli diabet
Radikulyar kist nədir?

Radikulyar kist əsasən pulpası infeksiyalaşmış və ya ölmüş dişin kök zirvəsi ətrafında, xroniki apikal parodontitin nəticəsi kimi ortaya çıxan odontogen (diş mənşəli) kistdir. Radikulyar kist iltihab mənşəli kistlərə aid edilir. Pulpada mövcud olan iltihabın kökətrafı bölgəyə yayılması nəticəsində meydana çıxır. Endodontik müalicə edilmiş və ya edilməmiş dişlərdə rast gəlinə bilir.

Hamiləlik dövründə diş əti problemlərinin ortaya çıxması normal haldırmı?

Hamiləlik dövründə olan qadınlarda diş əti xəstəlikləri (gingivit, parodontit) çox tez-tez rast gəlinir. Bunun əsas səbəbi orqanizmdə qadın cinsiyyət hormonlarının miqdarındakı yüksəlmədir. Xüsusilə də ağız boşluğu gigiyenası qənaətbəxş olmayan qadınlarda hamiləlik dövründə gingivit və parodontitin yaranması ehtimalı çox daha yüksəlir. Bu cür hallarda pasiyentin ümumi vəziyyətini də nəzərə alaraq xəstəliyin adekvat müalicəsi xüsusi önəm daşıyır. Əks təqdirdə bu vəziyyət müəyyən müddətdən sonra dişlərdə laxlamalara və çoxsaylı diş itkilərinə səbəb olur. Bundan savayı, tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki parodontit erkən doğum riskini ciddi şəkildə yüksəldir. Məhz buna görə də parodontitin erkən mərhələdə diaqnostikası və müalicəsi vacibdir.

Çənə nekrozu nədir?

Çənə nekrozu (Sümük nekrozu) dedikdə müxtəlif səbəblərdən çənə sümüyünün (sümük toxumasının) qismən və ya bütünlükdə ölməsinə səbəb olan xəstəlik başa düşülür. Çənə nekrozu pasiyentlər üçün çənə sümüyünün qismən və ya tamamilə itirilməsi və buna bağlı müəyyən funksiyaların (qidalanma, nitq və s.) məhdudlaşması kimi olduqca ağır nəticələrə səbəb ola bilər. Ümumilikdə bu xəstəliyin baş vermə səbəbi, xüsusi dərman qrupları ilə müalicə almış, baş-boyun nahiyəsində şüa terapiyası almış və s. kimi “riskli” pasiyentlərdə, stomatoloji və eyni zamanda çənə cərrahiyyə prosedurlarının doğru yanaşma ilə həyata keçirilməməsidir. Xəstəliyin müalicəsi cərrahi, cərrahi/medikamentoz yolla həyata keçirilir.

Oral kandidoz nədir?

Oral kandidoz, ağız boşluğunun Candida cinsinə aid maya göbələklərinin səbəb olduğu bir infeksiyon xəstəlikdir. 75 % hallarda əsas törədici C. albicans göbələyidir. Candida cinsinə aid göbələklər ağız boşluğu və həzm traktının normal mikroflorasına daxil olan orqanizmlərdəndir. Lakin normal halda hər kəs bu infeksiyaya məruz qalmır. İnfeksiyanın yaranmasına münbit şərait ortaya çıxdıqda isə xəstəlik inkişaf etməyə başlayır. İmmun sistemin zəifləməsi, müəyyən xəstəliklərin mövcudluğu, müxtəlif dərman maddələrinin yan təsiri və s. kimi faktorlar infeksiyanın yaranmasına ciddi mənada təsir göstərir. Uşaqlarda və yaşlılarda rast gəlinə bilir. Ağız boşluğunda ağ rəngli örtük şəklində özünü biruyə verir. Ağ örtüyün alt təbəqəsində isə qızarmış, iltihablı selikli qişa özünü göstərir.

Dişlərdə mövcud olan iltihablanma haymoritə səbəb ola bilərmi?

Haymor cibinə əsasən dişlərdən, burundan və ya nadir hallarda isə qan vasitəsilə daxil olan patogen (xəstəlik törədən) mikrobların təsirindən selikli qişa iltihablaşsa, burun boşluğuna açılan keçəcək daralır və selik haymor cibində yığılır. Haymor cibində toplanan selik qatı irinə çevrilir, daxildə təzyiq artır və bu nahiyədə ağrılar meydana gəlir. Haymor cibində toplanan irin tədricən onu tam doldurub, hətta ətraf toxumalara da sirayət edə bilər. Bu isə haymoritin (sinusitin) müxtəlif ağır fəsadlaşmalarına səbəb olur. Xəstəliyin kəskin forması zamanı bədənin temperaturu artır, üşütmə, almacıq sümüyü, burun, alın və ya gözaltı nahiyədə ağrı, burun tənəffüsünün çətinləşməsi qeyd edilir. Haymoritin (Sinysitin) daha bir simptomu isə baş ağrısıdır – haymorit birtərəfli olarsa, baş ağrısı da müvafiq olaraq bir tərəfli olur. Burundan yaşıl və ya sarı seliyin/irinin gəlməsi də haymoritin əlamətlərindəndir. Haymor cibine yaxın və ya kök ucu vasitəsilə bilavasitə əlaqədə yerləşən azı dişlərində mövcud olan iltihabi proseslər, bununla yanaşı bu dişlərin konservativ və ya cərrahi müalicəsi zamanı baş verən agırlaşmalar da sinusitin yaranmasına səbəb ola bilər. Sinusitin bu növü odontogen sinusit (diş mənşəli sinusit) adlanır.

Follikulyar kist nədir?

Follikulyar kist retensiyon dişi əhatə edən diş kisəciyindən inkişaf edən odontogen kistdir (diş kisti). Xoşxassəli törəmə olub, müalicə edilmədikdə ölçüsü tədricən böyüyərək ətraf sümük toxumasının resorbsiyasına (əriməsinə), qonşu dişlərin və strukturların yerdəyişməsinə, patoloji sümük sınmalarına və s. kimi fəsadlara səbəb olur. Əksər hallarda retensiyon ağıl dişlərində, xüsusilə də aşağı çənə ağıl dişlərində müşahidə olunan bu kist növü, əksər hallarda kliniki olaraq heç bir şikayətə səbəb olmur. Məhz buna görə də bir çox hallarda təsadüf nəticəsində rentgen müayinəsi zamanı aşkar edilir. Kistin müalicəsi cərrahi yolla həyata keçirilir. Diaqnostikası yalnız pato-histoloji müayinə nəticəsində müəyyən edilir.

Periimplantit nədir?

Periimplantit, dental implant yatağının iltihabi xəstəliyidir. Xəstəlik, implant etrafı sümük toxumasının tədricən rezorbsiyasına (əriməsinə) səbəb olur. İrəli mərhələdə bu rezorbsiya implantın fiksasiyasının azalmasına və implantın itirilməsinə səbəb ola bilir. İmplant ətrafındakı sümük itkisinin dərəcəsinə bağlı olaraq müalicə fərqli metodlarla həyata keçirilir. Müalicənin əsas məqsədi, implant ətrafında əmələ gəlmiş iltihablı toxumanın uzaqlaşdırılması, iltihaba səbəb olduğu düşünülən səbəbin aradan qaldırılması və itirilmiş toxumanın bərpasıdır.

Sümük auqmentasiyası nədir?

Çənə sümüyünün irəli dərəcədə sümük itkisi mövcud olan bölgələrində dental implantların funksional və estetik olaraq uyğun pozisiyada yerləşdirilməsi çox hallarda ciddi problem təşkil edə bilir. Bu növ problemlərin optimal şəkildə ortadan qaldırılması müasir cərrahi bərpaedici texnikalar, sümük auqmentasiya texnikaları vasitəsilə həyata keçirilir. Bu zaman müvafiq kliniki vəziyyətə uyğun sümükköçürmə metodu və sümük materialları tətbiq edilir və itirilmiş sümük toxuması, tələb olunan vəziyyətə gətirilir. Yetərli həcmdə şaquli və üfüqi sümük qalınlığı təmin edildikdən sonra isə müvafiq ölçülü implantların tətbiqi ilə dişsizlik optimal bir şəkildə aradan qaldırılır.

Bruksizm nədir?

Bruksizm əsasən gecə yatma əsnasında qarşısı alına bilməyən çənə hərəkətlərindən qaynaqlanan dişlərin sıxılmasıdır. Cəmiyyətdə olduqca tez-tez rast gəlinən bu problem, əsasən ondan əziyyət çəkən insanlar tərəfindən bilinmir. Bruksizm nəticəsində ağız, ağızətrafı toxuma və bölgələrdə ciddi narahatlıqlar özünü biruzə verir. Bununla əlaqəli olaraq, dişlərin həddən artıq sürtünməsi, dişlərin çeynəmə səthi və kəsici kənarlarında aşınmalar meydana gəlir. Bununla yanaşı dişlərdəki qeyri-iradi hərəkətlər səbəbilə, dişlərdə mikro çatlar əmələ gələ bilir. Dişlərdə bruksizmə bağlı diş əti çəkilmələri, dişlərdə laxlama ve aralanma müşahidə edilə bilir. Xəstələrdə xroniki baş ağrısı ve üz ağrısı mövcud ola bilir. Bunlar çənə oynağı, çeynəmə əzələləri və dişlərin fəaliyyətindəki funksional pozğunluqlara bağlı meydana çıxır.

Dental implantlar hansı materiallardan hazırlanır?

Dental implantlar müxtəlif materiallardan hazırlanır. İlk tətbiq edildiyi dövrlərdə implant materialı olaraq yalnız titandan istifadə olunurdu. Paslanmaması, toxumalar tərəfindən heç bir allergik reaksiyaya səbəb olmadan qəbul edilməsi və orqanizmə heç bir toksiki və konserogen təsirinin olmaması titan implantların bu gün də geniş tətbiqinə səbəb olmuşdur. Müəyyən kliniki hallarda yarana biləcək estetik məhdudiyyətlərin aradan qaldırılması məqsədi ilə keramik (Zirkon oksid) materiallardan da dental implantlar hazirlanmağa başlamışdır. Hal-hazirda keramik implantlar da titan implantlar kimi da uğurla tətbiq edilir.

Dişsizlik hansı məhdudiyyətlərə səbəb ola bilər?

Dişsizliyin insanın üz estetikasına, üz-çənə sisteminin qüsursuz fəaliyyətinə təsiri olduqca böyükdür. Dişsizliyin miqyasına bağlı olaraq bu təsir bəzən daha da qabarıq müşahidə oluna bilir. Estetik məhdudiyyət əsasən çənə atrofiyasına (çənə sümüyünün əriməsi) bağlı olaraq meydana çıxır və üz quruluşunda xarakterik, estetik olmayan görüntünün yaranmasına gətirib çıxarır. Funksional məhdudiyyətlər isə, çeynəmənin çətinləşməsi, nitqin çətinləşməsi, üz-çənə nahiyyəsində və gicgah-çənə oynağında ağrılar və s. şəklində özünü göstərir.

Ağıl dişi hansı hallarda çəkilməyə bilər (çəkilməməlidir) ?

Ağıl dişləri aşağıdakı hallarda çəkilməyə bilər:

  • Ağıl dişi digər dişlər kimi nizamlı bir şekildə diş sırasında yerləşirsə və çeynəmə müstəvisində pillə təşkil etmirsə
  • Dişin gigiyenik prosedurları (təmizlənməsi) heç bir məhdudiyyət yaranmadan həyata keçirilə bilirsə
  • Ağıl dişinin mövcudluğu qonşu dişlərdə karies, parodontit, rezorbsiya və s. kimi halların yaranmasına zəmin yaratmırsa
  • Ağıl dişi ətrafında hansısa bir patoloji törəmə mövcud deyilsə
Dərmana bağlı çənə nekrozu nədir?

Tibbin bəzi sahələrində, xüsusilə də sümük onkologiyası və osteoporozun müalicəsində 21-ci əsrin başlanğıcından etibarən antirezorptiv (sorulma əleyhinə) dərman maddələri uğurla tətbiq edilir. Bu dərman maddələri təyinatına görə həm həb həm də infuziya (sistem) şəklində, müəyyən intervallarla tətbiq edilir. Bu dərman qrupları xəstəliklərin müalicəsində çox uğurla tətbiq edilsə də sümük toxumasındakı bərpa və sağalma prosesinə bir xeyli neqativ təsir edə bilir. Bu dərmanları qəbul edən pasiyentlərin ən xırda çənə cərrahiyyəsi əməliyyatında belə, doğru müalicə edilməməsi “dərmanlara bağlı çənə nekrozu”nun yaranmasına səbəb olur. Bu çox təhlükəli bir xəstəlik olub çənənin qismən və ya bütünlükdə itirilməsinə gətirib çıxara bilir. Bu dərmanlarla müalicə olunan pasiyentlərin hər bir stomatoloji və cərrahi proseduru bu sahədə təcrübəsi olan mütəxəssislərə etibar etməsi vacibdir.

Osseointeqrasiya nədir?

Osseointegrasiya, bir diş implantı ilə canlı dayaq sümüyü arasında başqa heç bir toxuma olmadan, mexaniki və funksional birləşməsi və bütünləşməsi durumuna verilən addır. Osseointegrasiya, implant yükləməsindən dərhal sonra başlayan və alt çənədə ən az 3 ay, üst çənədə isə ən az 6 ay ərzində sümük-implant arasındakı birləşmə üçün gərəkli bir müddətdir. Müasir istehsal olunan dental implantların səthinin hazırlanma texnikasının təkmilləşdirilməsi ilə bu müddətin 30% –40% – a qədər azalmasına nail olunmuşdur.

Oro-antral fistul nədir?

Yuxarı çənə diş sırasında, əsasən böyük, bəzən də kiçik azı dişi bölgələrində diş kökləri anatomik olaraq haymor boşluğuna yaxın yerləşir, bəzən isə bilavasitə təmasda olur. Bu cür hallarda dişlərin normal və ya cərrahi çəkimindən sonra, ağız boşluğu ilə haymor boşluğu arasında, çəkim boşluğu vasitəsilə əlaqə yaranır. Bu əlaqənin dərhal xüsusi cərrahi yolla bağlanması mütləqdir. Cərrahi qapama təmin edilmədikdə və ya natamam həyata keçirildikdə, bu “oro-antral fistul”un yaranmasına gətirib çıxara bilir. Bu vəziyyət ağız boşluğu ilə haymor boşluğu arasında davamlı əlaqəyə səbəb olur və haymor boşluğunun ağır iltihabına gətirib çıxarır. Problemin zamanında aradan qaldırılmaması, daha ağır nəticələrə səbəb ola bilir.

Uşaqlarda və stomatoloq fobiyası olan pasiyentlər necə müalicə edilir?

Uşaqlarda və stomatoloq fobiyasi olan pasiyentlərdə, stomatoloji müalicə və oral cərrahi əməliyyatlar zamanı sedasiyanın tətbiqi xüsusi önəm daşıyır. Sedasiya, xüsusi dərman vasitəsilə pasiyentlərin müdafiyə refleksləri qorunaraq, dərinliyi nəzarətdə saxlanılan yuxu halıdır. Müalicə əsnasında pasiyentin vəziyyəti anestezioloq vasitəsilə xüsusi cihazlarla nəzarətdə saxlanılır. Metodun doğru tətbiqi pasiyent üçün hər hansı bir həyati təhlükə yaratmır. Əksinə, uşaqlarda stomatoloqa qarşı patoloji qorxunun yaranmasının qarşısını alır, bu fobiyadan əziyyət çəkən pasiyentlərin isə komfortlu müalicəsini təmin edir.

Diş əti xəstəliyinin əlamətləri hansılardır?

Diş əti xəstəliyinin əlamətləri bunlardır:

  • Diş ətlərində meydana gələn şişlik və qızartı
  • Diş ətlərində qanamağa meyllilik
  • Dişlərin laxlaması
  • Diş ətlərində çəkilmə
  • Ağız qoxusu
  • Diş daşları
İtirilmiş dişlərin vaxtında əvəzlənməməsi hansı fəsadlara səbəb ola bilər?

Dişlər itirildikdən sonrakı dövrdə, vaxtında və səmərəli əvəzlənmə həyata keçirilmədikdə, bu durum pasiyentdə bir sıra problem və məhdudiyyətlərin yaranmasına səbəb olur. Dişsizliyin mövcudluğu özü özlüyündə çeynəmədə məhdudiyyət, estetik defisit, fonetik problemlər və s. kimi çatışmazlıqları özü ilə birlikdə gətirir. İtirilmiş diş bölgəsində vaxtında əvəzləmənin aparılmaması isə, diş sırasında ikincili deformasiyalara (qonşu dişlərin əyilməsi) səbəb olur. Bu cür deformasiyalar üz-çənə nahiyəsindəki funksional pozğunluqların yaranmasına səbəb ola biləcək başlıca faktorlardandır.

Kariyesin vaxtında müalicə edilməməsi hansı ağırlaşmalara səbəb ola bilər?

Karies, dişlərin ən geniş yayılmış xəstəliyidir. Xəstəliyin yaranma səbəbi çoxsaylı faktorların birgə vəhdəti olsa belə, əsas səbəb bakteriyalarla zəngin diş ərpidir. Karies nəticəsində diş minasının mineral tərkibi hissəvi olaraq parçalanır və diş tacının tamlığı pozulur. Karies vaxtında və doğru müalicə edilmədikdə, dişi qidalandıran sinir-damar kələfinin iltihablanmasına, o cümlədən dişi yuvaya fiksə edən bağ aparatının iltihabına səbəb ola bilir. Kariesin dərinləşməsi, eyni zamanda yuxarıda qeyd olunan xəstəliklərin yaranması və müalicənin vaxtında və səmərəli icra olunmaması, dişlərin itirilməsinə gətirib çıxara bilir.

Dil və ya dodaq pirsinqlərinin ağız boşluğuna hansısa zərəri mövcuddurmu?

Pirsinq müasir dövrdə bir çoxlarının sevərək daşıdığı bir aksesuardır. Lakin bu aksesuarlar bəzən diş və diş ətlərində ciddi çatışmazlıq və qüsurların yaranmasına səbəb ola bilir. Dişlərdə tez-tez rast gəlinən problem, əsasən diş minasında yaranan kiçik ölçülü çatlar, kariesin yaranmasına meyllilik və bəzən böyük ölçülərə çatan diş tacı qüsurlarının yaranmasıdır. Diş ətlərində isə əksər hallarda diş əti çəkilmələri, diş əti iltihabına rast gəlinir. Meydana çıxan şikayətlər isə əsasən dişlərdə yaranan həssaslıq, bəzən ağrı və diskomfort, çox zaman isə estetik məhdudiyyətlə bağlı olur. Yuxarıda qeyd olunan çatışmazlıqlar, yad cisim hesab edilən pirsinqin mütəmadi olaraq diş və dişətinin müvafiq bölgələrini mütəmadi zədələməsi ilə bağlıdır. Bu bölgələr isə qeyri adekvat ağız boşluğu gigiyenası şəraitində, bakteriyaların akkumulyasiyası və nəticədə iltihabın yaranması üçün münbit şəraiti təmin edə bilir.

İtirilmiş dişlərin körpüyəbənzər protezlərlə bərpası zamanı qonşu dişlərin yonulması mütləqdirmi?

Stomatoloji təcrübədə qonşu dişləri preparasiya (yonma) etməmək şərtilə körpüyəbənzər konstruksiyalarla bərpası mümkündür. Bu “Maryland” körpü konstruksiyaları vasitəsilə icra edilə bilir. “Maryland” körpü konstruksiyası implantasiya əməliyyatı üçün əks göstərişi olan, eyni zamanda bu və ya digər səbəbdən implantlarla müalicə olunmaq istəməyən pasiyentlər üçün olduqca əlverişli bir konstruksiyadır. Bu növ körpüyəbənzər konstruksiyaların tətbiqi zamanı qonşu dişlər ya ümumiyyətlə yonulmur ya da minimal dərəcədə yonuma məruz qalır.

İmplantasiya əməliyyatlarında planlama nə dərəcədə önəmlidir?

Dişsizliyin implantlarla bərpası zamanı, ən vacib məqamlardan biri planlamanın və implantın pozisiyasının doğru müəyyən edilməsi və tətbiq edilməsidir. Əks təqdirdə implantların üzərinə konstruksiyaların hazırlanmasında ciddi çətinliklər, estetik, funksional çatışmazlıqlar, arzuedilməz gigiyenik vəziyyət ortaya çıxa bilər. Hətta bəzən implantların üzərinə qapaqların hazırlanması belə mümkünsüz ola bilər. Yalnış yerləşdirilmiş implantlarda həm də əksər hallarda bu və ya digər səbəbə bağlı olaraq erkən itirilmə də müşahidə olunur.

"Gummy smile" nədir?

Gummy smile, gülərkən və danışarkən diş ətinin normadan artıq görünməsi durumudur. Üst dodaq altında qalan diş ətinin danışarkən və gülərkən 2-3 mm dən çox  görünməsi durumu gummy smile (diş əti gülüşü) adlanır. Müxtəlif etioloji səbəblərdən ortaya çıxa bilir. Bu durum gülüş estetikasını ciddi şəkildə məhdudlaşdıran problemlərdən biridir və müxtəlif kliniki hallarda, gummy smile-ın etiologiyasına görə müxtəlif müalicə metodları ilə müalicə olunur.

Estetik stomatologiyada hansı müalicə metodları tətbiq olunur?

Estetik stomatologiya, stomatologiyanın diş sırasında mövcud olan estetik məhdudiyyət və çatışmazlıqların ortadan qaldırılması ilə məşğul olan qoludur. Bu məqsədlə fərqli müalicə metodları bəzən ayrı-ayrılıqda bəzən isə kombinə edilmiş şəkildə tətbiq edilir. Prosedurlar əsasən diş sırasının ön bölgəsində (estetik bölgə) aparılır. Tətbiq edilən metodlar əsasən qeyri cərrahi, bəzən isə cərrahidir. Qeyri cərrahi prosedurlara aşağıdakılar aid edilə bilər:

  • Direkt estetik restavrasiya (plomb materialları ilə bərpa)
  • Dişlərin bəyazladılması (fərqli metodlarla)
  • Vinirlərin tətbiqi (fərqli növləri mövcuddur)
  • Estetik qapaq (körpü) konstruksiyalarının tətbiqi

Cərrahi bərpa/yaxşılaşdırma prosedurlarına isə aşağıdakılar aid edilə bilər:

  • İmplant dəstəkli konstruksiyalar
  • Yumuşaq toxuma köçürülməsi ilə diş əti çəkilmələri və çatışmazlıqlarının bərpası
  • Normadan çox diş ətlərinin korreksiya edilərək estetik duruma gətirilməsi
  • Dodaq reposiziya (yerdəyişmə) cərrahiyyəsi

    Müasir metodların tətbiqi ilə istər rəqəmsal istərsə də ənənəvi metodların tətbiqi ilə yeni bir gülüşün dizayn edilməsi və son nəticənin öncədən öngörülərək müzakirəsi də estetik stomatologiyanın çox vacib bir hissəsidir və geniş tətbiq edilir.

Suallar ən qısa zamanda cavablanmaqdadır

Həkimə sual verin

[]
1 Step 1
keyboard_arrow_leftPrevious
Nextkeyboard_arrow_right