Estetik qapaq
Karies, travmatik zədələnmə və ya digər səbəblərdən diş tacının ifrat zədələnmələri zamanı, eyni zamanda estetik, funksiyonal tələbata cavab verməyən dişlərin bərpası/yaxşılaşdırılması zamanı tətbiq edilən konstruksiyalardan biri də qapaq konstruksiyasıdır. Qapaq konstruksiyası əsasən minimal invaziv alternativ metodların (kompozitlə bərpa, vinir, onlay, inlay və s.) tətbiqi mümkün və ya göstəriş olmadıqda tətbiq edilir. Bu zaman dişlər müvafiq qaydada yonulur və xüsusi qaydada hazırlanmış qapaqlar taca fiksə edilir.
Qapaqların hazırlanmasında müxtəlif materiallardan istifadə olunur. Estetik qapaqların hazırlanmasında əsasən keramika, zirkon və bu materiallar kombinə olunmuş şəkildə tətbiq edilir. Bu cür qapaqların tətbiqi funksiyonal tələbatı ödədiyi kimi, estetik nöqteyi nəzərdən də ideal bərpanı təmin edir.
Xüsusilə son dövrlərdə müasir ölçü materiallarının, eyni zamanda “İntraoral scanning” (“ağızdaxili skanlama”) metodunun tətbiqi yüksək dəqiqlikdə ölçülərin alınması və ideal uyğunluğa malik qapaqların hazırlanmasına imkan verir. Digər materiallardan (metal-keramik, qızıl və s.) hazırlanan qapaqların gündəlik təcrübədə tətbiqi isə əsasən estetik tələbata cavab vermədiyindən son illərdə bir xeyli məhdudlaşmışdır.