14.10.2019

Dişlərin cərrahi çəkimi

Diş çəkimi, dişin çənə sümüyündəki yuvasından uzaqlaşdırılması prosedurudur. Diş çəkimi, ağırlıq dərəcəsindən asılı olmayaraq cərrahi bir prosedurdur, çünki bu prosedur nəticəsində bir orqanın orqanizmdən kənarlaşdırılması həyata keçirilir. Bu prosedur doğru icra edilmədiyində ciddi ağırlaşmalara səbəb ola bilir. Ekstraksiya olunacaq (çıxarılacaq) dişin durumuna və çətinlik dərəcəsinə görə, bəzən bu prosedur sadə diş çəkimi bəzən isə çox mürəkkəb cərrahi çəkim şəklində icra oluna bilir.

Çəkim zamanı və ya çəkim sonrası dönəmdə meydana çıxa biləcək ağırlaşmalar dişin yerləşmə yerinə və çəkimin çətinlik dəcəsinə görə dəyişir. Ümumilikdə bütün dişlər üçün çəkim sonrası meydana çıxan ağırlaşmalara “alveolitis sicca” (çəkim boşluğunun iltihabı), abses (və digər yumuşaq toxuma iltihabları), qanaxma, yumuşaq toxuma ödemi, hematom aid edilə bilər. Üst çənə arxa bölgədə yerləşən dişlərin çəkimi zamanı “oro-antral fistul” (ağız boşluğu və haymor boşluğu arasında bağlantının yaranması), alt çənə arxa bölgədə yerləşən dişlərin çəkimi zamanı isə sinir alveolar sinir və linqual sinir kimi önəmli anatomik strukturların zədələnmə riski mövcuddur.

Spesifik ağırlaşma durumlarına isə baş-boyun nahiyəsində radioterapiya (şüa terapiyası) və xüsusi antirezorbtiv təsirə malik dərman maddələri ilə müalicə olunan (bunlar xüsusilə onkoloji təcrübədə və osteoporozun müalicəsində tətbiq olunan dərmanlardır!) pasiyentlərdə xətalı yanaşma ilə diş çəkimi prosedurlarından sonra ortaya çıxan osteoradionekroz və dərmanlara bağlı çənə nekrozu aid edilə bilər. Hər iki xəstəlik çənə sümüyünün nekrozlaşması (çürüməsi) və itirilməsi ilə müşahidə olunur və gündəlik həyatı ciddi şəkildə məhdudlaşdıra bilir. Bundan savayı bilavasitə həkim səhfinə və ya ehtiyatsızlığına bağlı ağırlaşmaların da baş vermə riski mövcuddur. Bu tip ağırlaşmaların minimala endirilməsi üçün pasiyentlərin yüksək ixtisaslı mütəxəssis tərəfindən müayinə edilməsi və baş verə biləcək ağırlaşma riskinin öncədən proqnozlaşdırılaraq müalicə olunması önəmlidir.

Saytda dərc olunan xəbər və məlumatlar Dr. Kamran Məmmədova məxsusdur. Saytdakı materiallardan istifadə zamanı mütləq https://kamranmammadov.com saytına istinad edilməli və saytdakı müvafiq yazıya hyperlink keçid verilməlidir. Əks halda müəllif hüquqlarının pozulması ilə bağlı qanun qarşısında məsuliyyət daşımış olacaqsınız.